Menu Close

Ələkbər Məmmədovun 90 illik yubileyinə

Çingiz Abdullayev: Həyat elə gətirdi ki, mən AZİ-də aspirant və müəllim işlədiyim dövrdə onunla tez-tez görüşür, müxtəlif mövzuları müzakirə edirdik. Onun intelektual səviyyəsi, səliqə və dəqiqliyi daim məni valeh edirdi. 1990-cı illərdən başlayan dostluğumuz ömrünün sonuna kimi əbədi oldu.

Uşaqlıq illərində Keşlədə məktəb stadionunda  və məhəllədə top qovan əfsanələrdən danışardıq. Əlbəttə, o zaman Azərbaycan futbolunun əfsanəsi Ələkbər Məmmədovun adı dillər əzbəri idi.

Zaman keçdi. AZİ-yə daxil oldum. Ələkbər Məmmədovu institutun dəhlizində görəndə onun geyiminə, yerişinə diqqətlə baxardım. Bir gün AZİ-də Həmkarlar İttifaqının sədri işləyən qardaşım Nazimin otağında onunla tanış oldum.  O tanışlıq yaxınlığa,  daha sonra isə ailəvi dostluğa çevrildi.
Xatirimdədir, onun futbol həyatı haqqında maraqlı söhbətləri institutun futbol azərkeşlərinin sevinci ilə müşayiət olunurdu. Bir gün Avropa kubokunun final oyunu ərəfəsində dostlar ona finalçılar haqqında sual verdilər. O, isə qısa cavab verərək Ruminiyanın “Styaua” komandasının daha texnikalı oynadığını vurğuladı.  Həmin finalda “Styaua” komandası qalib olanda Ələkbər Məmmədovun ustalığı bir daha göz önünə gəldi.

Həyat elə gətirdi ki, mən AZİ-də aspirant və müəllim işlədiyim dövrdə onunla tez-tez görüşür, müxtəlif mövzuları müzakirə edirdik. Onun intelektual səviyyəsi, səliqə və dəqiqliyi daim məni valeh edirdi. 1990-cı illərdən başlayan dostluğumuz ömrünün sonuna kimi əbədi oldu.

1990-cı illərdən onun təşəbbüsü ilə Bakı şəhər İdman İdarəsi və Ələkbər Məmmədov Beynəlxalq Futbol Fondu, Alman-Azərbaycan Cəmiyyətinin xətti ilə “Birlik” kuboku uğrunda hər ilin dekabrında futbol turniri keçirərək uşaqları mükafatlandırmaqla yanaşı, veteran futbolçuları da bir araya gətirərdi. Turnirin sonu Kapellhaus Mədəniyyət Mərkəzində konsert və “Altştadt” oteldə dostlarla yeni il şənliyi ilə yekunlaşardı. Bundan əlavə onun təşəbbüsü ilə Quba, Xaçmaz, Dəvəçi, Siyəzən, Qaradağ rayonlarına və Şirvan şəhərinə veteranların dostluq oyununa gedərdik.

Xatirimdədir, 1996-cı ildə Şirvan şəhərinə oyun öncəsi səfərimiz şəhərin başçısı Sədaqət xanım Qəhramanovayla görüşlə başladı. Görüşə bizimlə birgə SSRİ-nin əməkdar məşqçisi Tofiq Teymuroviç Abbasov və ünlü futbol hakimi Rüstəm Rəhimov da səfər etmişdilər.
Bir həftə sonra “Neftçi” və “Energetik” klubları arasında keçirilən görüş 2:2 hesabı ilə bitdikdən sonra bizim oyunu seyr edən Azərbaycan futbolunun ulduzu Anatoli Banişevskiyə şəhər rəhbərliyi tərəfindən xalça hədiyyə olundu. Veteran futbolçulara isə maraqlı oyuna görə mükafat verildi. Xatirimdədir, yolüstü çay süfrəsi arxasında Ələkbər Məmmədov mükafatın əsas hissəsini A.Banişevskiyə verilməsini məsləhət gördü. Çünki o, şəkər xəstəliyindən əziyyət çəkirdi.

Ələkbər Məmmədovun bu qayğısı daim diqqət mərkəzində idi. O Kazbek Tuayevə, Valeri Hacıyevə, Vladimir Bruxtiyə, Yaşar və Adil Babayevlərə, adlarını sadalamadığım digər veteranlara da ata qayğısı ilə yanaşardı. Onun ən çox sevdiyi gün Qələbə Günü idi. Çünki 9 May həm də onun ad günü idi. Ənənəvi olaraq onun ad gününü futbol muzeyinə bənzər evində yığışıb qeyd edərdik. 

1997-ci ilin fevral ayında Almaniya XİN-nin  nümayəndə heyətinin tərkibində məşhur futbol məşqçisi dostum Bernd Ştange Bakıya səfər etdi.
Nümayəndə heyətinin Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevlə görüşündən sonra,  Bernd Ştange futbol infrastrukturu ilə tanış olarkən onu Ələkbər Məmmədov, Anatoli Banişevski  və Rüstəm Rəhimovla görüşdürdüm. Görüş zamanı Ələkbər Məmmədov futbol veteranlarının Almaniyada dostluq görüşü keçirmək təşəbbüsünü irəli sürdü. Onları mehribanlıqla qarşılayan Bernd Ştange rus dilində “xoroşo” deyərək söz verdi.

1997-ci ilin yayında “Neftçi” futbol veteran klubu Almaniyaya səfər etdi. Bernd Ştange ilə birgə futbolçularımızı, vokal ifaçısını, heykəltəraş və rəssamlarımızı, Frankfurt am Main Hava Limanında qarşılayaraq “Azərbaycan İdman və İncəsənət Həftəsi”  Proqramı çərçivəsində tədbiri Nürnberq şəhəri yaxınlığında Volframs-Eşenbax şəhərindən başladıq.
Xatrimdədir bir gün bizi Almaniyada  yeganə səkkiz guşəli stadionda Nürnberq komandasının oyununa dəvət etdilər. Stadionda diktor bizləri salamladı. Sonra  Ələkbər Məmmədovu stadionun dövrəsində qarşılayaraq  “Kicker” futbol jurnalına müsahibəyə dəvət etdi. Əlbəttə, o an bizlər qürur hissi keçirirdik.
Sonra görüşlərimiz Essen və Yena şəhərlərində məşhur futbolçulardan Duka, Fogel, Kupervatin iştirakı ilə keçirilən yoldaşlıq oyunları, sonrası konsert proqramı zamanı Valeri Hacıyevin qol saatını rəqs edən qıza hədiyyə etməsi, Yaşar Babayevin axşam ziyafətində pivə süzməsi xoş xatirələrlə müşayiət olunurdu.

Ələkbər Məmmədovla bir neçə dəfə qatarla Moskvaya, oradan da Almaniyaya kimi yol yoldaşı olmuşuq.  Qızı Aliyə xanım Hamburqda yaşadığı üçün əsasən yay ayları ora səfər edirdi ki, qızını və nəvələrini görsün.

Yadımdadır, bir dəfə 2001-ci ilin yanvar ayında Moskvada “Sodrujestva” kubokunun finalına baxmaq üçün manejə getdik. Ələkbər Məmmədovu görən hər kəs onunla görüşür, mən isə tanış olurdum. Dostu Boris Kuznetsov və digərləri onun gəlişinə sevinirdilər. Hətta yerindən duraraq görüşmək üçün Ələkbər Məmmədovun ayağına gələn Nikita Simonyanın isti münasibəti də məni təəccübləndirmişdi. Axı bildiyim qədər o “Dinamo” Moskvada oynadığı zaman ən prinsipial oyunu Nikitanın oynadığı “Spartak” komandasına qarşı  olmuşdur. Hətta özünün də mənə danışdığı kimi Səməd Vurğunla, İmran Qasımovun heç-heçə  qurtaran “Dinamo” – “Spartak” oyunu sonrası,  onların qarşılaşdığı hadisələrin təsirindən 1955-ci ildə şairin yazdığı “Şair, nə tez qocaldın sən” şeri həmin oyundan sonra ərsəyə gəlmişdir.

Ümumiyyətcə, o illəri həm sevinclə, həm kədərlə xatırlayırdı. Sevinclə ona görə ki, dostu Lev Yaşinin komandası ilə 4 dəfə SSRİ çempionu olmuş, 100 minlik “San-Siro” stadionunda “Milan”ın heyətində Maldini, Buffon, Nardala qarşı oyunda 17 dəqiqəyə 4 qol vuraraq tarix yazmışdır. Oyundan sonra onu Oktay Babazadənin filmindəki kimi “centravanti” adlandıran Lev Yaşinlə birgə məhşur italyan aktrisası Lolo Lolobridce ilə görüşü əks-səda yaratmışdır. Dostumuz Rüstəm Rəhimov o günləri xatırlayanda belə deyərdi: Ələkbər Əmiroviç, «Oн вас целовал или вы ее? Или это была реклама» zarafatı edərdi (Ələkbər Əmiroviç, o sizi öpürdü, yoxsa siz onu? Yoxsa bu, reklam idi – red.).

Kədərlidir. Ona görə ki, onu 1958-ci ildə  Olimpiya yığması heyətindən təyyarədən düşürdərək yerinə Simonyanı göndərən idman başbilənləri onun ürəyinə sanki xəncər sancmışdılar. O dövr onun ən küskün dövrü idi ki, ömrünün sonuna kimi ermənilərə nifrəti açıq aydın görsənirdi.

Onunla demək olar ki, tez-tez görüşür və hər axşam ev telefonu ilə danışardıq. Onun telefonu məşğul idisə, demək ki, o ya dostu professor Çapay Sultanovla, ya xalq artisti Vasif Babayevlə, ya da futbol hakimi Rüstəm Rəhimovla danışardı. 2014-cü ilin iyun ayı idi. Axşam telefonda professor Hafiz Paşayevin təşəbbüsü ilə  Səməd Vurğunun xatirə məclisinə dəvət olunması ehtiramından danışdı. O, yaradıcı sahənin adamları ilə dostluq etməklə yanaşı, bir neçə maraqlı kitablarıın da  müəllifi idi.

2014-cü ilin iyul ayında ona telefon edib Almaniyaya getməyini təklif etdim. Dedi ki, bir az müalicə alır. Bu il gedə bilməyəcək, sonra F.Cerenkovun Moskvada keçirilən yubileyindən danışdı. Təxminən bir həftə sonra avqustun 1-də Nizami Kinoteatrında Vasif  Babayevlə  kino günündə iştirak edirdik.  Birdən telefon zəng çaldı. Foyeyə  çıxdım  gördüm ki, qızı Aliyə həyəcanla danışır. “Papa, papa” deyəndə dedim ki, “Narahat olma müalicə alır”. Onun “Yox, o, dünyasını dəyişib. Onu evdə ölmüş vəziyyətdə tapıblar” sözləri sanki bir qaynar suyun başıma tökülməyinə bənzədi.  Çünki  bir  il öncə də onu qızı tapa bilməyəndə mənə telefon etmişdi. Mən də dostlarla əlaqə saxlayıb onun Bilgəhdə sağ-salamat istirahət etdiyini öyrənmişdim.

Tez salona daxil olub  Vasif Babayevə “Ələkbər dünyasını dəyişib” dedim. O da Çapay Sultanova, mən isə xalq rəssamı Salxab Məmmədova telefon açıb hadisəni danışdım. Ələkbər Məmmədovu vaxtı ilə Salhab müəllimlə tanış etdiyim üçün oğlu, AFFA-nın baş katibi Elxan Məmmədovun telefonunu verdi. Çünki həftə sonu olduğu üçün qızının Almaniyadan Bakıya gəlmək məsələsini həll etmək, onun dəfnini təşkil etmək lazım idi. Həmin gün gecə  Moskvaya, oradan da Almaniyaya səfərə çıxdığım üçün bütün işləri telefon vasitəsi ilə həll etməyə çalışırdım. Tərslikdən Rüstəm də Avstriyada ezamiyyətdə idi. Səfərdən qayıdandan sonra Moskva “Dinamo”sunda onun davamçısı olmuş Vəli Qasımovla Ələkbər Məmmədovun məzarını ziyarət etdik.

Əlbəttə, əfsanəvi Ələkbər Məmmədov bir məqaləyə sığmayan Azərbaycanın görkəmli şəxsiyyətidir. Necə ki, zamanında M.F.Axundov dramaturgiyanın, H.Zərdabi mətbuatın, Ü.Hacıbəyli isə milli musiqi və operamızın təməl daşını qoymuşdularsa, düşünürəm  Ələkbər Məmmədov da Azərbaycan futbol məktəbində tarixi iz qoymuşdur.

Çingiz ABDULLAYEV,
Professor
Alman-Azərbaycan Cəmiyyətinin sədri


Redaksiyadan: Bu gün Ələkbər Məmmədovun 90 yaşı tamam olur. Əfsanəvi futbolçumuzun xatirəsini ehtiramla anır, ona Allahdan rəhmət diləyirik. 

A PHP Error was encountered

Severity: Core Warning

Message: Module 'mysqli' already loaded

Filename: Unknown

Line Number: 0

Backtrace: